Ürəyin normal döyüntüsü müntəzəm və sabit olur. Aritmiya (ritm pozğunluğu) ürəyin çox sürətli, çox yavaş və ya düzensiz döyünməsidir. Aritmiyaların bir qismi zərərsizdir və heç bir müalicə tələb etmir, bir qismi isə — xüsusən atrial fibrilyasiya — ciddi ağırlaşmalara, hətta insulta səbəb ola bilər. Bu yazıda aritmiyanın növlərini, əlamətlərini, təhlükələrini və müalicə imkanlarını izah edirəm.
Aritmiya nədir?
Ürək öz təbii “elektrik sistemi” ilə idarə olunur — hər döyüntü müəyyən ardıcıllıqla yaranan elektrik siqnalı ilə başlayır. Bu sistemdə pozğunluq olduqda ürək ritmi dəyişir: sürətlənir, yavaşıyır və ya nizamı itir. Bu vəziyyət aritmiya adlanır. Normal ürək dəqiqədə 60–100 dəfə vurur; bu ritmin pozulması aritmiyanın müxtəlif formalarını yaradır.
Bu elektrik sistemində baş verən hər dəyişiklik özünü EKQ lentində göstərir. Məhz buna görə aritmiyanın diaqnostikası, əksər hallarda, ən sadə müayinədən başlayır.
Aritmiyanın növləri
Tibbi təsnifat geniş və mürəkkəbdir. Sahədən kənar oxucu üçün onu üç böyük qrupa sadələşdirmək olar.
1. Taxikardiyalar — ürək döyüntülərinin normadan çox olması
Pasiyentlər çox vaxt döş qəfəsində ağırlıq, çırpınma və xoşagəlməz hissiyat olduğunu bildirirlər. İdman, intensiv fiziki hərəkət, stress və əsəb gərginliyi zamanı bunu demək olar ki, hər kəs hiss edə bilər. Əksər hallarda bu, “normal” taxikardiya — sinus taxikardiyasıdır və qısa zamanda öz-özünə düzəlir.
Lakin bəzi xəstəliklər zamanı bu hal davamlı olur və müalicə tələb edir. Supraventrikulyar taxikardiyalar və mədəcik taxikardiyaları kimi ciddi formalarda pasiyentlər daha ağır şikayətlər bildirir: boğulma, təngnəfəslik, arterial təzyiqin yüksəlməsi, huş itirmə. Belə halların vaxtında aşkarlanması ciddi fəsadların qarşısını alır.
2. Bradikardiyalar — ürək döyüntülərinin normadan az olması
Ürək döyüntülərinin minimal sayı dəqiqədə 55–60 sayılır. Bəzi insanlarda və peşəkar idmançılarda bu göstərici 45–50 arasında ola bilər və bu, patologiya deyil. Yuxu zamanı da ürək döyüntülərinin sayı azalır — bunun səbəbi azan sinirinin tonusunun artmasıdır.
Ürək yığılmalarının sayının 40 və daha aşağı düşməsi isə artıq araşdırma tələb edir. Belə hallar həm başqa xəstəliklərin ağırlaşması kimi (hipotireoz, müxtəlif dərman və toksinlərlə zəhərlənmə, kəllə-beyin travması, baş beyin meningiti, elektrolit disbalansına səbəb olan böyrək çatışmazlığı), həm də ürəyin damar xəstəlikləri və keçiricilik sisteminin pozulması — blokadalar — zamanı özünü büruzə verir.
Ürəkdöyünməsi aşağı olan pasiyentlər baş hərlənmə, kəskin halsızlıq və zəiflik, gözlərin qaralması və görmənin qəfil pisləşməsi, ürəkbulanma və qusma, huşun pozulması kimi şikayətlər edir. Bəzi hallarda ağırlaşmaların qarşısını almaq üçün süni ritm cihazı — peysmeyker — implantasiya olunur.
3. Ritmin nizamının pozulması
Bu qrupda ürək ritminin davamlılığı pozulur. Pozğunluq qulaqcıq və mədəcik arasındakı keçiricilik sistemində baş verir və müxtəlif formalarda özünü göstərir. Bura ekstrasistoliyalar və səyirici aritmiya (atrial fibrilyasiya) aiddir.
Pasiyentlər ürəyin fasilələrlə vurduğunu, “ürək dayanması” kimi hissiyatı, qəfil ürək çırpınmalarını, baş hərlənmə və boğulmaları təsvir edir. Bəzən isə bu aritmiyalar heç bir şikayət vermir və təsadüfi müayinə zamanı aşkarlanır.
