kardio.az

Ürəyi gücləndirən qidalar — kardioloqun siyahısı

Dr. Kənan Əhmədov4 dəq oxu
Ürəyi gücləndirən qidalar — kardioloqun siyahısı

«Həkim, ürəyimi qüvvətləndirmək üçün hansı qidalardan istifadə edim?» Bu sualı   idmana yeni başlayanlar da verir, ürəyini ömründə ilk dəfə yoxladanlar da, yaşı 50-ni keçənlər də. Sual çox verilir, ona görə cavabını bir yerə toplamağa dəyər.

Amma başlanğıcda bir dəqiqləşdirmə edim. Əslində daha faydalı sual bunun əksidir: hansı qidaları azaltmaq lazımdır? Ureyi guclendiren qidalar  siyahısı nə qədər yaxşı olsa da, gündəlik duz, şəkər və doymuş yağ artıqlığını əvəz etmir. Aşağıdakı siyahı məhdudiyyətin əvəzi deyil, tamamlayıcısıdır.

Balıq — siyahının birincisi

Ürək üçün ən faydalı məhsul balıqdır. Tərkibindəki bol miqdarda omeqa-3 və digər doymamış yağ turşuları orqanizmdə xolesterinin və triqliseridlərin miqdarını azaldır, bununla da aterosklerozun — damar divarında lövhə yığılmasının — qarşısını alır. Eyni zamanda qan təzyiqinin normallaşmasına kömək edir.

Ən çox omeqa-3 yağlı balıqlarda olur: qızılbalıq, skumbriya, sardina, siyənək. Həftədə iki dəfə balıq yemək əksər tövsiyələrdə minimum hədd sayılır.

Bişirmə üsulu da nəticəyə təsir edir. Bişmiş, buğda hazırlanmış və ya soba balığı faydanı saxlayır; dərin yağda qızardılmış balıq isə əldə etdiyiniz xeyri xeyli azaldır.

K vitamini ilə zəngin tərəvəzlər

Tərkibində bol miqdarda K vitamini olan tərəvəzlər ürək-damar xəstəliklərinin qarşısını alan ən effektiv qidalardan sayılır. Bura kələm, ispanaq, cəfəri, turp, kök və brokkoli daxildir.

Onların tərkibindəki digər vitaminlər, minerallar, pektinlər və beta-karotin bu təsiri daha da gücləndirir. Yaşıl yarpaqlı tərəvəzlər həm də nitratla zəngindir, bu isə damarların genişlənməsinə və təzyiqin enməsinə kömək edir.

Bir vacib qeyd: varfarin kimi qandurulducu dərman qəbul edirsinizsə, K vitamini ilə zəngin qidaların miqdarını kəskin dəyişməyin. Bu vitamin dərmanın təsirinə birbaşa müdaxilə edir. Tam imtina etmək lazım deyil — sadəcə gündəlik miqdarı sabit saxlayın və həkiminizə məlumat verin.

Quru meyvələr: badam və qoz

Badam və qozun tərkibindəki yağ turşuları zərərli xolesterinin orqanizmdən çıxarılmasına böyük təsir göstərir. Hər iki məhsul eyni zamanda maqnezium, lif və bitki mənşəli zülalla zəngindir.

Miqdar burada həlledicidir. Gündə bir ovuc — təxminən 30 qram — kifayətdir. Quru meyvələr kalorisi yüksək məhsullardır, ona görə «faydalıdır» deyə həddindən artıq yemək artıq çəkiyə gətirib çıxarır, bu isə ürək üçün əks nəticə verir.

Duzsuz və şəkərsiz variantı seçin. Duzlu qovrulmuş qoz-fındıq təzyiqi olan pasiyentlər üçün faydadan çox zərər verir.

Meyvələr və antioksidantlar

Ürəyə müsbət təsiri təsdiqlənmiş meyvələr arasında qaragilə, qarağat, moruq, kivi və pomidor xüsusi yer tutur. Onların tərkibindəki antioksidant maddələr ürək əzələsinin işində və damar divarının qorunmasında ən effektiv birləşmələrdən sayılır.

Antioksidantlar damar divarını oksidləşdirici zədədən qoruyur — bu proses aterosklerozun ilk mərhələsidir. Meyvələrdəki lif isə xolesterinin sorulmasını azaldır.

Meyvəni bütöv yeyin, şirə şəklində yox. Sıxılmış şirədə lif itir, şəkər isə qalır — nəticədə faydalı məhsul qan şəkərini kəskin qaldıran içkiyə çevrilir.

Siyahıya daxil olan digər məhsullar

Yuxarıda sadaladıqlarımdan başqa ürəyə faydası təsdiqlənmiş məhsullar da var:

  • Avokado — doymamış yağlar və kaliumla zəngindir.
  • Yumurta — uzun illər «xolesterin mənbəyi» kimi qadağan edilirdi, müasir tövsiyələr isə gündə bir yumurtanı sağlam şəxslər üçün problemli saymır.
  • Az miqdarda bitki yağları — xüsusən zeytun yağı. Miqdar sözü burada vacibdir: yağ hər halda yüksək kaloriyalıdır.
  • Qara şokolad — kakao tərkibi yüksək (70 faizdən çox) olanlar. Gündə bir-iki kvadrat, plitka deyil.
  • Az yağlı süd və qatıq məhsulları — kalsium və zülal mənbəyi, doymuş yağ yükü isə aşağıdır.

Bir məhsul deyil, rejim işləyir

Ən çox yayılmış yanlış təsəvvür budur ki, hansısa bir «ürək məhsulu» tapıb gündəlik yeməklə problem həll olunur. Elə deyil. Tədqiqatlarda nəticə verən tək bir məhsul deyil, bütöv qidalanma modelidir.

Bu baxımdan ən çox öyrənilmiş və ən yaxşı nəticə göstərən model Aralıq dənizi dietasıdır: çoxlu tərəvəz və meyvə, tam taxıl, balıq, zeytun yağı, az qırmızı ət, minimal emal olunmuş qida. Kaliumla zəngin rasion isə qan təzyiqini 11 mmHg-ə qədər endirə bilir.

Eyni məntiqlə, azaltmalı olduqlarınız da qısa siyahıdır: xörək duzu, şəkərli içkilər, emal olunmuş ət məhsulları (kolbasa, sosiska), trans yağlar və hazır şirniyyat.

Tez-tez verilən suallar

Qida ilə ürək dərmanını əvəz etmək olarmı?

Xeyr. Qidalanma müalicənin əsasını gücləndirir, amma təyin olunmuş dərmanı əvəz etmir. Dərmanı öz qərarınızla kəsmək təhlükəlidir — dozanı yalnız həkim dəyişə bilər.

Omeqa-3 kapsullarını qəbul etmək lazımdırmı?

Balığı müntəzəm yeyən sağlam şəxslər üçün adətən lazım deyil. Triqliseridləri çox yüksək olan pasiyentlərdə isə həkim əlavə təyin edə bilər. Öz başınıza yüksək dozada qəbul etməyin — omeqa-3 qanın laxtalanmasına təsir edir.

Qəhvə ürəyə zərərlidirmi?

Sağlam şəxslərdə gündə 2–3 fincan qəhvə problem yaratmır. Ritm pozğunluğu, çarpıntı və ya nəzarətsiz yüksək təzyiq varsa, miqdarı azaltmaq daha doğrudur.

Duzu tamamilə kəsmək lazımdırmı?

Tamamilə yox, amma xeyli azaltmaq lazımdır. Gündəlik natrium qəbulunun 1500 mq və daha aşağı olması qan təzyiqini 5–6 mmHg endirir. Praktikada bu, süfrədə duzluğu götürmək və hazır məhsulların tərkibinə baxmaq deməkdir.

Nəticə

Ürəyi gücləndirən sehrli bir məhsul yoxdur. Balıq, yaşıl tərəvəz, qoz-badam, giləmeyvə və zeytun yağı üzərində qurulan sabit bir rejim isə real nəticə verir — həm xolesterin, həm təzyiq göstəricisində.

Qidalanma planınızın sizin göstəricilərinizə uyğun olduğunu bilmək üçün əvvəlcə mövcud vəziyyəti ölçmək lazımdır. Hansı qan analizlərinin və müayinələrin  lazım olduğunu tam Həkim müayinəsindən keçərək təyin edə bilərsiz.

Müayinə üçün isə online randevu ala bilərsiniz.

Şərhlər

İlk şərhi siz yazın

Şərh yazın

Şərhlər dərc olunmazdan əvvəl yoxlanılır. E-poçtunuz göstərilmir.