Sinədə, əsasən də sol tərəfdə hər hansı bir şikayət yaranan kimi ilk ağla gələn ürək olur. Bu, təsadüfi deyil: kardioloq da ilk növbədə məhz ürək xəstəliklərini istisna etməyə çalışır. Qəbula gələn hər ikinci pasiyentin ilk sualı isə eyni olur — «Mən qanda hansı analizi verim?»
Cavab şikayətdən asılıdır. Kəskin ağrı ilə müraciət edən pasiyentə lazım olan göstərici ilə profilaktik check-up üçün gələn pasiyentə lazım olan göstərici eyni deyil. Aşağıda kardiologiyada ən çox istifadə olunan urek ucun qan analizleri və hər birinin nə vaxt təyin olunduğunu izah edirəm.
Kəskin şikayət varsa: biomarkerlər
Əgər ağrı son saatlarda yaranıbsa, güclüdürsə və ya təngnəfəsliklə müşayiət olunursa, vaxt ən vacib amildir. Bu halda ilk təyin olunan göstərici troponindir.
Troponin ürək əzələsinin daxilində olan zülaldır. Əzələ hüceyrələri zədələnəndə bu zülal qana keçir və qanda səviyyəsi qalxır. Məhz buna görə troponin infarktın diaqnostikasında ən dəqiq göstərici sayılır. Nəticə adətən bir neçə saat ərzində hazır olur və çox vaxt təkrar ölçmə tələb edir, çünki dinamikanın özü — səviyyənin qalxıb-qalxmaması — diaqnoz qədər əhəmiyyətlidir.
Kəskin hallarda troponinlə yanaşı iki göstərici də faydalı olur:
- D-dimer — qan laxtalanması ilə bağlı prosesləri göstərir. Ağciyər arteriyasının tromboemboliyası şübhəsi olanda təyin edilir.
- ProBNP (NT-proBNP) — ürək çatışmazlığının göstəricisidir. Təngnəfəsliyin ürəkdən, yoxsa ağciyərdən qaynaqlandığını ayırd etməyə kömək edir.
Bu üç göstərici birlikdə kəskin vəziyyətlərin böyük hissəsini aydınlaşdırır. Amma nəzərə alın: kəskin döş ağrısı zamanı analiz gözləmək üçün səbəb deyil. Belə hallarda əvvəlcə 103-ə zəng edin.
Şikayət yoxdursa: profilaktik panel
Kəskin şikayəti olmayan, ümumi check-up üçün müraciət edən pasiyentlərdə mənzərə tamam başqadır. Burada məqsəd zədəni aşkarlamaq yox, riski ölçməkdir.
Eyni yanaşma əvvəllər stent qoyulmuş, aorto-koronar şuntlama əməliyyatı keçirmiş, şəkərli diabeti və ya yüksək qan təzyiqi olan pasiyentlərə də aiddir. Onlarda ilk yoxlanan iki şey var: qanın ümumi analizi (hemoqramma) və lipid paneli.
Lipid paneli — damar riskinin əsas ölçüsü
Lipid paneli təkcə «xolesterin» deyil. Tam panelə dörd göstərici daxildir:
- Ümumi xolesterin — ümumi mənzərəni verir, amma tək başına az məlumatlıdır.
- LDL (aşağı sıxlıqlı lipoprotein) — damar divarında lövhə yaradan fraksiya. Ateroskleroz riskini məhz bu göstərici müəyyən edir.
- HDL (yüksək sıxlıqlı lipoprotein) — artıq xolesterini damardan geri daşıyan fraksiya. Yüksək olması yaxşıdır.
- Triqliseridlər — qanda dövr edən yağlar. Yüksək səviyyə həm damar, həm mədəaltı vəzi üçün risk yaradır.
Lipid panelinin nəticəsini tək rəqəm kimi oxumaq düzgün deyil. Eyni LDL göstəricisi 35 yaşlı sağlam bir insan üçün normal, diabeti olan 60 yaşlı pasiyent üçün isə müalicə tələb edən səviyyə ola bilər. Hədəf həmişə fərdi risk səviyyəsinə görə təyin olunur.
Hemoqramma
Qanın ümumi analizi ürək analizi kimi görünmür, amma çox iş görür. Anemiya (qanazlığı) ürəyin yükünü artırır və təngnəfəslik, tez yorulma, çarpıntı kimi şikayətlərin gizli səbəbi ola bilər. İltihabi göstəricilər isə tamam başqa istiqamətə işarə edə bilər.
