kardio.az

Ürək xəstəliklərinin yaranmasında Qadınlar və Kişilər arasında fərqlər varmı?

Dr. Kənan Əhmədov2 dəq oxu
Ürək xəstəliklərinin yaranmasında Qadınlar və Kişilər arasında fərqlər varmı?

Nə qədər qəribə səslənsə də, ürək xəstəliklərinin yaranmasında qadınlar və kişilər arasında ciddi fərqlər var. Dünyanın qabaqcıl tibbi mərkəzlərində aparılan çoxsaylı tədqiqatlar göstərir ki, bu fərqlər həm ürəyin anatomiyasında, həm də yarana biləcək xəstəliklərdə özünü göstərir. Bəs bu fərqlər hansılardır?

Ürək xəstəliklərində qadın və kişi arasında fərqlər

Ürək və damarların ölçüsü

Hər kəsin ürəyi anatomik quruluşca oxşar olsa da, qadınlarda ürək və onun kameraları daha kiçik, damarlar isə daha nazik olur. Bu, bəzi diaqnostika və müalicə yanaşmalarında da nəzərə alınmalı fərq yaradır.

Hormonların rolu

Qadınlarda menopauza (klimaks) zamanı estrogen və digər hormonların səviyyəsindəki dəyişikliklər yüksək qan təzyiqi, şəkərli diabet və ürək-damar xəstəliklərinin artmasına səbəb olur. Estrogen reproduktiv yaşda təbii qoruyucu təsir göstərir; bu təsir menopauzadan sonra zəifləyir.

Risk faktorları

Risk faktorları da cinsə görə fərqlənir. Kişilərdə əsas risklər siqaret, alkoqol, stress və düzgün olmayan qidalanmadırsa, qadınlarda erkən yaranan arterial hipertoniya, şəkərli diabet, artıq çəki və az hərəkətli həyat tərzi (hipodinamiya) önə çıxır.

Xəstəliyin yaranma yaşı

Qadınlarda ürək-damar xəstəlikləri kişilərə nisbətən orta hesabla 7–10 il daha gec üzə çıxır. Məhz buna görə gündəlik həyatda kişilərin daha cavan yaşlarda infarkt keçirdiyini eşidirik. Bu “qoruma” isə menopauzadan sonra tədricən itir.

Ritm pozğunluqları

Qadınlarda hormonal dəyişikliklər və kiçik damarların zədələnməsi nəticəsində taxikardiya və səyirici aritmiya kimi ritm pozğunluqları daha sıx rast gəlinir.

Simptomların fərqi — vacib məqam

Ən mühüm fərqlərdən biri əlamətlərdədir. Kişilərdə ürək tutması adətən döş sümüyü arxasında güclü ağrı ilə “klassik” şəkildə gedirsə, qadınlarda infarkt çox vaxt “qeyri-tipik” əlamətlərlə — güclü ürəkdöyünmə, ürəkbulanma, qusma, soyuq tər, yorğunluq və təngnəfəsliklə — özünü göstərir. Bu qeyri-tipik gediş bəzən diaqnozun gecikməsinə səbəb olur, ona görə qadınlar bu əlamətlərə xüsusi diqqətli olmalıdır.

Tez-tez verilən suallar

Qadınlarda infarkt niyə fərqli keçir?

Kiçik damarların iştirakı və hormonal fərqlər səbəbindən qadınlarda infarkt çox vaxt döş ağrısı olmadan, ürəkbulanma, təngnəfəslik və yorğunluq kimi qeyri-tipik əlamətlərlə gedə bilər.

Qadınlar ürək xəstəliyindən qorunubmu?

Reproduktiv yaşda estrogenin qoruyucu təsiri var, lakin menopauzadan sonra bu üstünlük itir və risk kişilərinkinə yaxınlaşır.

Şərhlər

İlk şərhi siz yazın

Şərh yazın

Şərhlər dərc olunmazdan əvvəl yoxlanılır. E-poçtunuz göstərilmir.