
Yəqin ki, hər birimizin təzyiqi aşağı olan heç olmasa bir və ya bir neçə tanıdığımız insan olub. Qan təzyiqi hər kəs üçün eyni olmadırmı? Hər təzyiqi aşağı düşən insan dərman müalicəsi olmalıdırmı?
Qan təzyiqinin aşağı olması tibbi dildə Arterial Hipotenziya adlanır. Arterial təzyiqin normadan (120/80 mmcsüt) 20% aşağı olması hipotenziya adlanır. Adətən bu təzyiq 90/60 mmHg aşağı olduqda sayılır. Bəzi şəxslər var ki onların heç bir orqanik xəstəliyi olmur və qan təzyiqi hər zaman aşağı rəqəmlərdə olur. Buna Fizioloji Hipotenziya deyilir. Hipotenziyaya irsi meyilli olan şəxslərdə, proffesional idmançılarda, astenik insanlarda (əsasən qadınlarda) , yüksək dağlıq ərazilərdə yaşayan və meteohəssas insanlarda belə hal rast gələ bilər. Bəzən ortostatik hipotenziya deyilən vəziyyət olur ki, buda bədən vəziyyətinin qəflətən dəyişməsi zamanı (məsələn yataqdan və ya uzun müddət oturduğun yerdən qəflətən ayaq üstə durduqda) təzyiqin qısa zaman üçün enməsi sayılır. Müəyyən şəxslərdə normadan artıq qida qəbul edilən zaman da (postprandial hipotenziya) enməsi müşahidə olunur. Göstərilən hallarda qan təzyiqinin enməsi klinik olaraq heç bir şikayətlərlə müşayət olunmur heç bir müalicəyə tələb etmir və öz-özünə normal rəqəmlərə dönür. Lakin bir sıra hallarda Fizioloji Hipotenziya koffein və ya kordiamin inyeksiyası kimi müxtəlif dərman preparatları ilə müalicə olunur. Nəzərə almaq lazımdır ki, heç bir inkişaf etmiş ölkədə belə müalicə üsulu təsdiq olunmamışdır. Sadəcə uzanaraq ayaqları bədən səthindən 15-25 dərəcə yuxarı etmək və maye qəbul etməklə simptomatik vəziyyəti geri döndərmək mümkündür.
Yuxarıda danışdıqlarımızdan əlavə İkincili Hipotenziya və Kəskin Hipotenziya kimi vəziyyətlərdə yarana bilər. Qan təzyiqinin müxtəlif xəstəliklərin və ya fizioloji proseslərin nəticəsində aşağı enməsi İkincili Hipotenziya adlanır. Müxtəlif xronik mədə bağırsaq xəstəlikləri (mədə xorası və kolitlər), qan azlığı olan şəxslər, onurğanın boyun fəqərələrinin osteoxondrozu, Hipotireoz( qalxanabənzər vəzi funksiyası pozğunluğu) , Şəkərli Diabetdən uzun müddət əziyyət çəkənlər, müxtəlif vitaminlərin çatışmazlıqları (əsasən D,B və C vitaminləri) ,Pəhriz saxlayan şəxslər, xroniki ürək çatışmazlığı və ürək ritm pozğunluğu olanlar, kardiomiopatiyalar və Miokarditlər zamanı hipotenziya yaranır. Adətən belə xəstələrdə qan təzyiqinin tədricən aşağı enməsi müşahidə olunur. Bu səbəbdən həmin şəxslər arterial təzyiq enməsini hiss etmir və bir çox hallarda həkim müayinəsində olduqları zaman bu haqda məlumatlanırlar. Müxtəlif antihipertenziv ( qan təzyiqini aşağı salan dərmanlar) preparatların istifadəsi zamanı da arterial təzyiqin normadan aşağı enməsi müşahidə olunur. Sadaladığımız hallarda rast gələn aşağı qan təzyiqini əsas xəstəlyi müalicə etməklə normaya gətirmək olar.
Bəzən isə həyatı təhlükəli və ciddi müalicə tələb edən Kəskin Hipotenziv hallarda yaranır ki, bu zaman xəstəyə təcili təxirəsalınmaz yardım göstərilməsi və hospitalizasiya olunması (xəstəxanaya yerləşdirilməsi) mütləq şərtdir. Kəskin qanitirmə ,bədənin böyük ölçülü yanıqları və kəskin susuzlaşma kimi hallarda inkişaf edən Hipovolemiya, müxtəlif Allergik halların ağırlaşması kimi olan Anafilaktik Şok , infeksion-toksiki xəstəliklərin ağırlaşması, Kəskin Miokard infarktı, həyatı təhlükəli ürək ritm pozğunluqları, kəskin ürək çatışmazlığı,müxtəlif qapaq xəstəlikləri və anadangəlmə qüsurlar,Ağciyər arteriyası trombemboliyası, Aortanın laylanan anevrizması, bəzi bitki tərkibli ,kimyəvi zəhərlər və ağır metallarla zəhərlənmələr də arterial təzyiqin çox enməsi müşahidə olunur. İlk aşkar olunduğu vaxtdan düzgün müalicə başlanması , xəstələrin həyatını xilas etmiş olur.
İlk dəfə aşkar olunmuş hər bir Hipotenziyalı insan Həkim-Kardioloq tərəfindən bir neçə sadə müayinə üsulları ilə yoxlanaraq müşahidə olunan halın nəqədər ciddi olub olmamasını təyin edə bilər. Qanın ümumi analizi, aclıq qan Şəkəri, TSH qanda təyini EKG və EXOKG kimi sadə müayinələrdən keçməklə Siz yarana biləcək ağırlaşmaları vaxtında aşkar edə bilərsiz. Lüzum halında isə daha geniş müayinə və qan təhlillərinə ehtiyac ola bilər.