Bu dərman adlarını yəqin ki, ömrünüzdə bir neçə dəfə olsa da eşitmisiz. Hətta bir çoxlarınız istifadə də etmisiniz. Əsasən də ürək nahiyəsində ağrı və ya sıxıntı olan zaman ilk yardım dərmanı kimi istifadəsi çox məşhurdur. Bu haqda bir neçə bilgi verməmişdən əvvəl onu bildirim ki, bu dərmanların heç birinin ürək xəstəliklərinin müalicəsi ilə heç bir əlaqəsi yoxdur.
İlk əvvəl Valokordin haqda da danışaq- Bu Preparat ilk dəfə Almaniyada 1934-cü ildə İstehsal olunub. Ancaq artıq II dünya müharibəsi vaxtında bu dərmanın istehsalı dayandırılıb. Bir müddət sonra bu dərmanın istehsalı bərpa olunub , amma Almaiyada istifadə üçün deyil o vaxt ki, SSR və sosialist dövlətlərində istifadə üçün. Məşhur farmaseptik Alman şirkətlərindən biri hələ də, bu adda dərman istehsal edir ,lakin bunun Almaniyada istifadəsinə icazə verilmir. Hətta Rusiyada 2008-ci ildə bu dərmanın istifadəsinə tərkibində olan maddəyə görə azad satışdan çıxarılmış və ancaq xüsusi reseptlə xəstələrə verilmişdir. Lakin çoxsaylı ictimai narazılıqlara görə yenidən bu qadağa aradan götürülmüşdür.
Bəs bu dərmanların tərkibi nədən ibarətdir? Nəyə görə Ürəyim ağrıyır deyən insanların bəziləri bu preparatdan fayda görür?
Valokordin tərkibində əsas təsiredici maddə Fenobarbitaldır. Bu maddə barbituratlar qrup aid olub, sinir sakitləşdirici və yuxugətirici effekti olan kimyəvi maddədir. Fenobarbital digər bu tip dərmanlar kimi bir müddət istifadədən sonra öyrəşmə əmələ gətirir və kəsilmə sindromu verir. Valokardinin tərkibində olan ikinci təsiredici maddə Etilbromizovalerianat maddəsidir ki bu da sakitləşdirici , panikanı və emosional gərginliyi azalmaq effektinə malikdir. Bu maddə etil spirt istehsalı zamanı əmələ gələn tullantılardan istehsal olunur. Bundan başqa dərmanın tərkibinə Nanə yağı, Mayaotu Qozasının yağı ,Etil spirti və təmiz su daxildir. Bu dərman preparatını artıq 1950-ci illərdən sonra köhnə SSR ərazisində istehsalı başlanmışdır. Lakin dərman Korvalol adı ilə buraxılırdı. Sovet farmaseptləri tərkibə kiçik dəyişiklər etsə də , əsas tərkib (Fenobarbital və Etilbromizovalerianat) eyni qalmışdır.
Dediklərimizdən belə aydın olur ki, hər iki dərman vasitəsi sinir sakitləşdirici və yuxugətirici təsiri sayəsində bir çox nevrastenik və panik halları olan pasiyentlər arasında daha çox istifadə olunmaqdadır. Bu preparatların heç birinin ciddi ürək problemlərinin müalicəsi zamanı ciddi effekti qeydə alınmamışdır. Bu səbəbdən ürək şikayətlərini ciddi araşdırmadan və mütəxəssis həkimlərin fikrini almadan bu tip dərmanlardan istifadə məqsədəuyğun sayılmır. Bundan başqa bu dərmanların tərkibində olan bəzi kimyəvi tərkiblərin uzun müddət istifadəsi zamanı preparata öyrəşmə (narkotik asılılıq) və kəsilmə sindromu vermək kimi yan təsirləri qeydə alınmışdır. Bəzi xəstələrdə isə allergik reaksiya, tənəffüs və potensiya pozğunluqları yaranıb.
Bu dərmanlardan başqa Valerian adlı tabletlərədə çox rast gələ bilərik. Bu preparatın əsas tərkibi Valeriane(Pişikotu) bitkisinin ekstraktı sayılır. Valerianda demək olar ki, ancaq Rusiya və postsovet ölkələrində çox geniş istifadə olunur. Bəzi xəstələr bu dərmanı ancaq Ürək tutması zamanı istifadə etdiklərini bildirilər. Uzun müddət xalq təbabətində sakitləşdirici vasitə kimi bitkinin kökü və özünün dəmləməsini istifadə ediblər. 1930cu illərdən sonra postsovet məkanında bu bitkinin ekstrakt və tablet formasında tətbiqinə başlayıb. Bir sıra yüngül yuxupozulmaların və psixonevrotik halların aradan qaldırılmasında kömək etdiyi bildirilsə də, 2000 ci illərdən aparılmış tədqiqatlarda bu dərmanın ancaq Plasebo effekti göstərdiyi aşkar olunub.