XİDMƏTLƏRİMİZ

Want create site? Find Free WordPress Themes and plugins.

Anadangəlmə ürək xəstəliklərinin səbəbləri hansılardır?

Anadangəlmə ürək xəstəliklərinin çoxunun səbəbi bilinmir. Bəzi ürək xəstəliklərinin genlərlə əlaqədar olması haqqında bəzi məlumatlar olsa da xəstəliklərin çoxu üçün bu məlumatlar öz təsdiqini tapmamışdır. Ancaq xəstələrin bir qismində qohum evliliyi, ananın şəkər xəstəsi olması, ana, ata və yaxın qohumlarda anadangəlmə ürək xəstəliklərinin olması təsir edə bilər. Hamiləliyin xüsusilə üç ayı çox əhəmiyyətlidir. Bu dövrdə ananın məxmərək kimi infeksion xəstəlik keçirməsi, siqaret və narkotik istifadə etməsi, rentgen şüası alması və ya nəzarətsiz dərman qəbul etməsi təhlükəlidir. Yenə də xəstəliyin bu səbəblərlə əlaqədar olub olmamasını müəyyən etmək ümumiyyətlə mümkün olmur. Buna görə də xəstəliyi hər hansı səbəblə əlaqələndirmək mümkün deyilsə, ailələrin, ana və atanın özlərini günahkar hiss etmələri doğru deyil.

 

Anadangəlmə ürək qüsurlarının rastgəlmə tezliyi necədir ?

Hər 100 canlı doğulan körpənin təxminən biri ürək qüsuru ilə doğulur. Ancaq bunların çoxu yüngül ürək qüsurlarıdır. Ancaq bu nisbət ölü doğulanlarda 5% , düşüklərdə isə 10-25% arasındadır. Yəni ağır ürək qüsuru olan körpələrin böyük əksəriyyəti hələ doğulmadan itirilirlər.

 

Anadanqəlmə ürək qüsurunun olub olmamasını uşaq ana bətnində ıkən aydınlaşdırmaq olarmı?

Hamiləliyin təxminən 4 ayından etibarən bəzi ürək qüsurlarını ana bətnindəikən, ancaq bu sahədə təcrübəsi olan uşaq kardioloqları fetal exokardioqrafiya deyilən müayinə metodu ilə aşkar edə bilər. Ancaq, bəzi yünqül ürək qüsurlarının ana bətnindəikən diaqnostikası mümkün olmaya bilər.

 

Anadanqəlmə ürək qüsurlarının ana bətnindəikən müalicəsi mümkündürmü?

Bəzi hallarda mümkündür. Lakin körpədə yaşaması mümkün olmayan çox ağır anadanqəlmə ürək qüsuru aşkar edilərsə ailənin razılığı ilə hamiləlik sonlandırıla bilər. Bu hal qanun çərçivəsində, xəstəxananın həkim komissiyasının qərarı və ailənin icazəsi ilə diaqnoz dəqiqləşdirildikdən sonra mümkündür.

 

Körpədə anadanqəlmə ürək qüsurunun olmasını ana və ata hiss edə bilərmi?

Əgər xəstəlik ağır deyilsə və getdikcə şiddətlənmirsə ana və ata bunu hiss etməyə bilər. Hətta, bəzi qüsurlar yünqül əlamətlərlə özünü qöstərirsə, uşaq narahat olduğu zaman və ya ağlayarkən həkim müayinəsində belə nəzərdən qaçırıla bilər. Ona görə də bəzi valideynlər uşaqlarının daha əvvəl də həkim tərəfindən müayinə olunduğunu, lakin, heç bir qüsurun aşkar edilmədiyinə və bu barədə məlumatlandırılmadıqlarına təəcüblənirlər və diaqnoza inanmaq istəmirlər.

 

Anadangəlmə ürək qüsurlarının müalicəsi varmı?

Hər anadangəlmə ürək qüsurunu müalicə etmək lazım gəlmir. Bəziləri müəyyən müddət içində, uşaq böyüdükcə, yaxşılaşıb normal vəziyyətə qayıdır. Bir hissəsi isə, dərmanla, bir hissəsi isə kateterizasiyə və əməliyyatla müalicə edilirlər. Müalicəyə ehtiyacı olan qüsurların böyük əksəriyyətinin müalicəsi var. Ancaq bəzi çox ağır ürək xəstəliklərinin müalicəsi çox çətindir. Elm və texnalogiyanın inkişaf etməsi və təcrübənin artması ilə əlaqədar müalicə olunan xəstələrin sayı artır və müalicənin keyfiyyəti günü gündən yaxşılaşır.

 

Anadangəlmə ürək qüsurlarında göyərmənin olması mütləqdirmi?

Xeyir, hər ürək xəstəliyində göyərmə olmur. Anadangəlmə ürək qüsurları a)göyərmə ilə olan və b)göyərmə ilə olmayan ürək xəstəlikləri kimi iki qrupa bölünürlər. Göyərmə olmayan ürək xəstəliklərinə daha çox rast gəlinir. Ona görə də ürək xəstəliklərinin əksəriyyətində göyərmə yox ikən , bəzilərində göyərmə ağlayarkən, bir qismində isə uşaq böyüdükcə, müəyyən vaxtdan sonra ortaya çıxır.

 

Bundan sonra dünyaya gələcək uşaqlarımın da ürək qüsuru ilə doğulması mümkündürmü?

Bunu əvvəlcədən bilmək mümkün deyil. Lakin uşaqların 1%-i anadangəlmə ürək qüsuru ilə doğulduğu üçün, ailədəki uşaqlardan birində ürək qüsuru varsa, bu rəqəm 3-5% arasında dəyişir. Buna görə də anadangəlmə ürək qüsuru ilə uşağı olan bir ailə təkrar uşaq sahibi olmaq qərarına gələrsə, hamiləlik zamanı 4cü aydan etibarən bu sahə ilə məşğul olan və təcrübəli bir uşaq kardioloqu tərəfindən konsultasiya edilməlidir.

 

Anadangəlmə ürək qüsurlarında əməliyyat olunmaq şərtdirmi?

Xeyir, bir çox anadangəlmə ürək qüsuru üçün əməliyyat şərt deyil. Hətta bəziləri o qədər yüngül keçir ki, heç bir müalicəyə ehtiyac olmur. Bəzi, daha əvvəl əməliyyatla düzəldilən ürək qüsurları , artıq əməliyyatsız, damardan girərək kateter və ya balonlu kateterlə müalicə edilirlər. Əməliyyata ancaq son çarə kimi ehtiyac ola bilər.

 

Anadangəlmə ürək qüsuruna hər ürək həkimi diaqnoz qoya bilərmi?

Bildiyimiz kimi elm və texnalogiya olduqca inkişaf etmişdir. Bir həkimin tibbə aid olan hər şeyi bilməsi mümkün deyil. Buna görə də hər bir sahə daha dar ixtisaslara bölünür. Uşaq xəstəlikləri sahəsi də 15 daha dar ixtisasa bölünmüşdür. Uşaq kardiologiyası da bu ixtisaslardan biridir və daha çox anadangəlmə ürək qüsurları və revmatizm xəstəliyi ilə məşğul olur. Uşaqlarda və yeniyetmələrdə rastgəlinən ürək xəstəliklərini uşaq kardioloqları daha yaxşı aşkar edə bilər. Böyüklərin ürək xəstəlikləri ilə məşğul olan kardioloqlar isə təzyiq yüksəkliyi ilə , damarlarda daralmalarla əlaqədar olan xəstəliklər , ürək qapaq xəstəlikləri mövzusunda daha çox biliyə və təcrübəyə sahibdirlər. Exokardioqrafiya hər şeyi görüb danışan sehirli bir alət deyil , ancaq görüntü vermək qabiliyyətinə malik bir cihazdır. Doğru diaqnoz isə görüntülərin kifayət qədər bilik və təcrübə ilə qavranılması nəticəsində qoyula bilər. Nəticə etibarilə, anadangəlmə ürək qüsurlarına düzgün diaqnoz qoyulması üçün xəstə, uşaq kardioloquna müayinə olunmalıdır. Digər ölkələrdə də yaş məhdudiyyəti olmadan, bütün anadangəlmə ürək qüsurları ilə xəstələr uşaq kardioloqlarına müraciət edirlər.

 

Did you find apk for android? You can find new Free Android Games and apps.